İndi orda məni gözləyirsən, Mənsə çox uzaqlarda. Uzaq məsafələr bizi bir-birimizə daha da yaxın etdi. Düşüncələr eyni, sözlər eyni, zövqlər və hisslər eyni səninlə.
Hər gecə yuxulara dalıb, səhər məni görmək arzusuyla oyandın. Yaxşı bilirdin ki, nə vaxtsa cənnət bağına geri qayıdaram. Mehman olduğum bağ eyni bağdı. Mənə lazım olan o bağı gözəlləşdirən gülü görməydi.
Sirli bir sabah, çiskin yağış və sərin rüzgarla geri dönərəm. Pəncərəni açıq saxla, küləyə qarışıb yanına yaxınlaşar, öpərək oyadaram. Şəfəq saçlarına yansıyar, başqa bir gözəllək verər nuruna. Gözəl olana qiymət verilməz. Qiymət verdiyimiz insanlar gözəlləşər. Dəyər verdikcə artar sevgi. Məsafələr əhəmiyyətsiz görünər. Yaxınlıqdakı insanlara çox uzaq, sənə daha yaxın görünər yollar. Külək də boş yollardan gəlir. Səsinin və saçlarının ətrini gətirir özüylə. Saçlarını sığallayar ayıldaram səni. Sənsə yuxulardan ayılıb uşaq kimi sevinər, boynumu qucaqlayıb, möhkəm sarılan zaman sevincdən gözlərindən bir damla yaş axar. Axan tək damla dünyadakı bütün mirvarilərdən daha qiymətli...
Başımı dizlərin üstünə qoyub uzanarıq səninlə. Saçlarını sığalladıqca susub səni dinliyərdim. Şıltaq gülüşünlə həyatdakı ən şirin nəğməm olaydın. Şeir olub sətirlərə yansıyaydın.
Şairin də dediyi kimi, sən gözəlsən, Ay gözəl? Məncə ayın nuru ondan da gözəldir. Çünki, Cənnət Bağını gözəlləşdirən həminki Ayın Nurudur...
Comments